Ana səhifə Robotexnika Arduino ilə tanışlığım və Potensiometr ilə dimmer qurmaq

Arduino ilə tanışlığım və Potensiometr ilə dimmer qurmaq

352

Məqaləyə başlamadan sizinlə bir təcrübəmi paylaşmaq istəyirəm. Mən informasiya texnologiyaları mühəndisi kimi püxtələşmişdim və işim də ancaq server, şəbəkə qurulumu üzərinə idi. Bu sahədə olan hər kəs bilir ki, mütəmadi inkişaf etməsən həm əməkhaqqı artımı həm də karyera yüksəlişi baxımından sürətlə geri qalacaq və zamanla sahənin “qara işçisinə” çevriləcəksən. İnkişafın yolu isə internetdə araşdırmalar və bahalı kurslardan keçir. Çox zaman kurslara pul ödəməmək üçün isə internetdə araşdırma birinci planda olur. Bu araşdırmalarımın birində Arduino ilə təsadüfən rastlaşdım və diqqətimi çəkdi. Hər kəs özünə aid bir robotu olmağını, hətta özünün dizayn etdiyi bir robotun olmağını xəyal edir və oxuduğum ilk məqalədə bunun Arduino ilə mümkün olduğunu bildiyimdə çox sevindim. Sabahı günü yerli internet saytlarımızdan tapmadığım üçün Aliexpress-dən bir Arduino seti sifariş etdim. Çindən gələn sifarişlər gec çatdığından dolayı gözləməyə səbrim çatmadı və yaxın ölkələrdə axtarmağa başladım. Tiflisdə bir mağazada belə bir set olduğunu gördüyümdə sevincimdən nə zaman Sınıq Körpü gömrük məntəqəsinə çatdığımı heç xatırlamıram:) Tiflisdən geri döndüyümdə artıq bir layihə üçün hər şeyim var idi lakin internetdən tapdığım layihələr qaydasında işləmirdi. Səbəb mənim elektronika bilgimin rezistor və diod sözlərindən başqa heç bir bazası olmaması idi. Çox düşündükdən sonra seti bir kənara atdım və elektronikaya giriş kitabını aldım. Kitab ingiliscə idi və professional bir tərzdə yazılmışdı və bu səbəbdən məni çox ləngidirdi. İnternetdə kurslar axtarışına çıxdım və tapdığım ən sadə kursa yazıldım. Çox keçmədi ki, layihələrimdə buraxdığım səhvlərin səbəblərini anlamağa başladım. Aldığım set və çindən gələn ikinci seti tam 1 il sonra yenidən tozlanmış rəfdən geri götürdüm.

Sizlərlə bu təcrübəmi paylaşmağımın səbəbi, sizin də bu kimi xətalar etməmənizə öncədən yardım etməkdir. Kompanentlərlə tanış olmadıqda çox zaman kontrollerlərlə işləmək əbəs olmasa belə əziyyətli olur. Bu sahə ilə maraqlanırsınızsa elektronikada mütəmadi istifadə edilən önəmli komponentləri öyrənmənizdə fayda var.

İndi isə mənim ikinci layihəm olan və alındığında çox sevindiyim dimmer layihəsinə keçid alaq.

Burada layihədə edəcəyimiz materiallarla tanış olaq:

1 əd Arduino UNO

1 əd 220 Ohm dirənc

1 əd LED

1 əd minimum 5K potensiometr

1 əd sınaq lövhəsi(breadboard)

və hər zamankı kimi naqillər

Potensiometr idarə edilən bir dirəncdir və bu layihə üçün 50K nəzərdə tutulub. Bir çox saytlarda da layihə üçün bu nominal tövsiyyə edilir. Lakin əlinizdə 5K-50K arası hansı potensiometr varsa onu istifadə edə bilərsiniz. Arduinodan sınaq lövhəmizə hər zamankı kimi 5V-dan müsbət, GND-dən isə mənfi qidalanmanı alırıq. Bu qoşulma Arduino ilə ilk addım: Düymə ilə LED idarəetmə məqaləsində izahlı göstərilmişdir, bilməyənlər üçün məqaləyə nəzər salmaq kifayət edəcək.

Sınaq lövhəsinə potensiometrimizi taxdıqdan sonra Potensiometrin orta ayağıdan Arduinonun A0 girişinə naqil çəkirik. Bu bizim siqnal qəbul edəcəyimiz girişdir. Digəq ayaqlarını isə şəkildə göstərildiyi kimi müsbət və mənfi xətlərə bağlayırıq.

Növbəti işimiz LED lampamızı qoşmaqdır. LED-in müsbət ayağını Arduinomuzun 9-cu rəqəmsal pininə qoşuruq, mənfi ayağını isə 220 Ohm-luq dirənclə sınaq lövhəmizin məfi xəttinə qoşuruq.

QEYD: Bu layihə ancaq 3, 5, 6, 9, 10, və 11-ci rəqəmsal çıxışlarda həyata keçirilə bilər. Arduino UNO üzərində ancaq bu çıxışların PWM idarəsi vardır.

Layihənin sxeminin şəkli:

İndi isə keçək kodlamaya:

int potPin = A0; // Potesiometrə qoşulan Analoq giriş
int potDeyer = 0; // Potensiometrdən oxunan dəyər
int led = 9; // LED qoşulan 9cu pin

void setup() {
 pinMode(led, OUTPUT); // Pin 9u çıxış kimi göstəririk
}

void loop() {
 potDeyer = analogRead(potPin); // Potensiometrdən oxunan dəyər
 
 analogWrite(led, potDeyer/4); // Potensiometrdən oxunan dəyəri LEDə göndərmək
 
 delay(10); // Wait for 10 ms
}

Əvvəlki məqaləArduino ilə ilk addım: Düymə ilə LED idarəetmə
Növbəti məqaləArduino ilə LDR istifadəsi